Ailəyə yeni bir üzv daxil olduğu andan etibarən ailə ona zehnində/hafizəsində bir yer təyin edər. İstər doğumla, istər evliliklə, istərsə də övladlığı götürmə ilə girilmiş oldun, ailə, bir tarixi olan və xüsusi şərtlərdə ortaya çıxan bu hadisəni diqqətə alar. Bu hadisədən də, daha sonra heç bir zaman silinməyəcək bir xatirə yaranar.

Maurice Halbwachs, On Collective Memory

Ailə, uşağın/insanın sosiallaşmasının yaşandığı ilk mərhələ, insani mələkələrini qazandığı, doğuşdan etibarən onda var olan zehni qavramlarının ilk formalaşdığı mühit, dilin qazanıldığı və hafizənin (kimliyin) əldə olunduğu, daha doğrusu var olan ortaq hafizəyə daxil olduğu yerdir. Bu səbəblə ailə toplumun/cəmiyyətin nüvəsi hesab olunur. Ailənin uşağın sosiallaşmasındakı və insan olaraq formalaşmasındakı rolundan daha əvvəl bəhs etmişdik. Bu yazımızda isə “ailə hafizəsi”ndən, ortak kimlik və bunun formalaşma prosesindən və var olan/qazanılan ortaq həfizənin (ailə hafizəsinin) davamlılığının təmin olunmasından və də bunu təmin edən rituallardan bəhs edəcəyik.

İnsanın kimlik (identity) qazanmasındakı ən əhəmiyyətli faktor hafizədir. Bu hafizə istər biyoqrafik olsun istərsə də tarixi heç fərq etməz; hər ikisi də insanı var edən (buradakı var etmədən qəsd olunan insanın mənsubiyyət sahibi olması və bunun gərkəliliklərinin fərqində olmasıdır) hafizə formalarıdır. Bizi burada maraqlandıran əsas xüsus, yəni, hafizə forması qismi/biyoqrafik (ailəyə xas) olanıdır. Digəri isə ümumilikdə bir xalqın hafizəsi ilə bağlıdır ki, bu ayrı və daha geniş bir yazının (hətta ətraflı tədqiqatların) mövzusudur. Qısaca bu yazıda etmək istədiyimiz budur; insanın ailəyə daxil olma yolları, var olan hafizəyə qoşulmaları, bu qoşulma zamanı qarşılıqlı təsirlənmə, bu ortaq həfizənin davamlılığının təmin olunması və son olaraq da hafizədən uzaq qalındığında nələr baş verir.

İlk öncə ailəyə daxil olma yollarından bəhs edək. Bunlardan ən yayğın olanı doğum və evlilik vasitəsi ilə olanıdır. Digəri isə övladlığa götürmədir ki, bu çox yayğın olan bir yol deyildir. Doğum ilə ailəyə, yəni, ortaq hafizəyə qoşulmaq xüsusdan çox da qarşılıqlı əlaqədən bəhs edə bilməyəcəyik. Çünki, uşaq doğulduğu andan etibarən, yəni, hafizəsi olandan, var olan bir hafizənin içərisinə düşür və hafizəsi elə məhz bu var olan hafizə içərisində formalaşır. Kimliyini, hafizəsini, nə olduğunu, mənsubiyyətini bu mühitdə qazanır və davam etdirir. Buna görə də biz burada daha çox evlilik yolu ilə ailəyə qoşulma yolundan danışacaq və bu zaman baş verən qarşılıqlı təsirlənmədən bəsh edəcəyik.

Evlilik vasitəsi ilə ailə qurmaq ümumilikdə bütün dünyada/bütün toplumlarda ən məqbul yoldur. Həm məqbul, həm də məşru/rəsmi. Bunun formaları toplumda/kültürdən-kültürə dəyişiklik göstərə bilər ancaq əsas mahiyyət demək olar ki, hamısında eynidir. Evlilik vasitəsi ilə başqa bir hafizə içərisində yetişmiş olan bir insan, həmin hafizə içərisindən alaraq/qopararaq heç bilmədiyi, aşina olmadığı və özündən/gəlişindən çox əvvəl formalaşmış və ritualları müəyyənləşmiş bir hafizənin/ailənin içərisinə qoyulur. Bu qarşılıqlı razılaşma yolu ilə həyata keçir və toplumun varlığının davamlılığı üçün lokal olan ailə hafizələri arasından təsirlənmə baş verir və beləcə də ümumi ictimai hafizə formalaşır. Qohumluq əlaqələri nəticəsində yad olan insanlar bir-birlərinin hafizələrinə/xatirələrinə aşina olmağa başlayır, qarşılıqlı xatirə/hafizə alış-verişi ilə bu əlaqələr möhkəmləndirilir. Buradakı əsas məsələmiz evlilik vasitəsi ilə ailələr arasında qurulan qohumluq bağları deyil və bu səbəblə də bu xüsus üzərində təfərruatlı məlumat verməyi mövzunun dağılması ilə nəticələnəcəyinə görə əbəs bir iş olaraq görürük.

Bir insan evlilik vasitəsi ilə başqa bir hafizəyə üzv olduğu zaman yenicə doğulmuş uşaq kimi olur. İçinə düşdüyü mühit onun üçün yeni bir dünyadır və o uşaq kimi bu dünyanın necə bir yer olduğunu öyrənmək məcburiyyətindədir. Ondan əvvəl formalaşdırılmış olan rituallara uyğunlaşmalı və bundan sonrakı həyatını bu minvalda davam etdirməlidir. Ailəyə ilk gəldiyi zamanlarda yadlıq hiss etməsi, uyğunlaşmada çətinlik çəkməsi, yeni ailəsinin qayda-qanunlarına alışması üçün vaxta ehtiyacının olması uşaq bənzətməmizi doğrulamaqdadır.

Ailəyə üzv olan gəlin (burada üzv deyərkən əslində həm kişi, həm də qadın nəzərdə tutulur. Lakin, qadın evini dəyişdirdiyi və də fiziki olaraq da başqa bir hafizənin və hafizə məkanının (ev) içərisinə yerləşdiyi üçün burada onun yeni hafizəyə üzv olmasından bəhs edəcəyik.) ən azından yeni evində əşyaların yerlərini öyrənənə qədər, yatış və qalxış saatlarına uyğunlaşana qədər bir müddət zamana ehtiyacı olacaqdır. Bu uyğunlaşmanı qazandıqdan sonra yəni, ailəyə tam olaraq qəbul olunduqdan sonra ailə hafizəsinin dərinliklərinə doğru irəliləyəcək və ən ailənin ən məhrəm, yəni, sadəcə ailə üzvlərinin bilə biləcəyi sirlərə/xatirələrə aşina olmağa başlayacaqdır. Çünki, o da daha sonra bu bilgiləri uşaqlarına ötürərək ailə hafizəsinin nəsildən nəsilə nəql olunmasında əsas vasitəçi olacaqdır. Uşaq keçmişi, yəni, ailəsinin sahib olduğu hafizəni ona danışılanlar qədər biləcəkdir.

Burada qarşılıqlı təsirlənmənin birinci tərəfindən səthi olaraq bəhs etdikdən sonra ikinci tərəfdən da bir o qədər danışmaq lazımdır. İkinci tərəf isə hafizənin əsas qoruyucusu olan ailədir. Bu ailə bünyəsinə aldığı yeni üzvləri öz qaydalarına görə bir uşaq kimi yenidən tərbiyə edir. Ailə üzvləri yeni gəlinin ailəyə necə qoşulduğunu, o gün bələrin baş verdiyini təfərrüatı ilə hifz edir və lazım gəldiyində də istifadə edir. Bu xatırlama daha çox münaqişə zamanlarında ortaya çıxır və tərəflərin bir-birlərinə qaşrı özlərini haqlı çıxarma yollarından biri olaraq iş görür. Məsələn; qaynana və gəlin arasında münaqişə olduğunda qaynana gəlinin ailəyə gəldiyi ilk gündən və ailəyə uyğunlaşma prosesindən əksəriyyətlə mənfi mənada bəhs edər. Çünki, onun bildiyi qaydaları öyrənməkdə çətinlik çəkən gəlin onun hafizəsində bu şəkildə qalmışdır. Gəlinin ailəsi ilə bağlı problemlər varsa bunlar da eyni zamanda münaqişə zamanı istifadə olunan “arqumentlərdən” olacaqdır. Və ən əsası ailə hafizəsi yeni üzvün ilk günləri ilə onu daima xatırlayacaqdır. Bu, gəlinlər arasındakı söz-söhbətlər zamanı da bu şəkildə ortaya çıxacaqdır. Ailəyə daha əvvəl üzv olmuş gəlin daha sonradan gələn eltisinin ilk gününü və o gündə baş verənləri əsla utumayacaq və yeri gəldiyində istifadə edəcəkdir. Bunlar daha böyük və detaylı tətqiqatların mövzusu olduğu üçün bu qısa yazımızda səthi olaraq bəhs etməyi uyğun gördük. İndi isə hafizə və məkan arasındakı əlaqə ilə bağlı bir neçə şey deyərək yazımızı tamamlayaq.

Hafizə, ortaq xatirələrin tamamıdır. Ortaq xatirəsi olan insanlar öz hafizələrini formalaşdırırlar. Bunlar, ailə, dostlar, tələbələr, şagirdlər ya da iş yoldaşları ola bilər. Burada bizim mövzumuz ailə olduğu üçün ailə hafizəsində və məkan əlaqəsindən bəhs edəcəyik. Ailə hafizəsi eyni məkanda, yəni, eyni evdə/kənddə yaşayan ailə fərdlərinin ortaq xatirələri nəticəsində ortaya çıxar və bu sayədə varlığını qoruyar. Davamlı olaraq bir-biri ilə əlaqədə (buradakı əlaqədən qəsd olunan fiziki əlaqədir) olan ailə fərdləri həm yeni xatirələr meydana gətirir-yəni hafizənin üzərinə inşa olduğu sütunları çoxaldır-, həm də əvvəlki xatirələrdən bəhs edərək hafizənin üzərinə qurulduğu sütunları möhkəmləndirirlər. Hafizənin varlığı və davamlılığı üçün hər zaman yeni xatirələrin yaradılması və var olan xatirələrin yenidən canlandırılması gərəkdir.

Bunun üçün də ortaq məkana ehtiyac vardır. Ortaq məkan olmadan hafizənin qorunması demək olar ki, mümükün deyildir. Məsafələr, xatirələrin, yəni, hafizənin düşmənidir; xatirələri seyrəkləşdirər və yavaş-yavaş unudularaq hafizənin aşınmasına səbəb olar. Davamlı olaraq ortaq xatirənin formalaşması üçün ortaq məkan imtina olunmaz bir şeydir. Bir ailə üzvü ailəsində uzaq qalarsa yenə onları sevməyə davam edər. Lakin, ailədən uzaq qaldığı müddətcə ortaq hafizədən də uzaq qalacaqdır. Ailə üzvləri ilə yeni ortaq xatirəsi olmaycaq və əvvəlki xatirələri də hər zaman xatırlanmayacaqdır. Və həmin şəxs getdikcə ortaq hafizənin xaricində qalacaqdır. Çünki, artıq ortaq xatirələr tükənmişdir. Ailə isə eyni məkanda qalan üzvləri ilə hər gün yeni xatirələr yaradır və var olan xatirələri davamlı olaraq xatırlayaraq canlı tuturlar. Yəni, ailə hafizəsi ortaq xatirələr və ortaq məkanın bərabərliyi və bütünüdür.

Və son olaraq atalar sözündə deyildiyi kimi: “Gözdən uzaq olan könüldən də iraq olar.”

 

Advertisements