İnsanın sabit və dəyişməz olan təbiəti onu daima sosiallaşmağa sövq edir. Sosiallaşma nəticəsində insan varlığını və təbiətini üzə çıxara bildiyindən bu insan üçün labüd porsesdir. Sosiallaşma ilə birlikdə bu prosesin davamlılığının təmin olunması, yəni, ənənənin formlaşmağı da insan təbiətindən qaynaqlanan bir prosesdir. İnsan, öz davranış, ritual və sosiallaşma nəticəsində izhar olan və qazandığı bütün vərdişləri gələcək nəsillərə ötürməyə meyillidir. Yəni, insan cinsinin davamlılığı üçün sosiallaşma ilə birlikdə bu sosiallaşma prosesi nəticəsində əldə olunanların da keçən yazımızda bəhs etdiyimiz yollarla nəsildən nəsilə ötürülməsi gərəkməkdədir.
İnsan, danışan, sosiallaşan və də ənənə formalaşdıran bir varlıqdır. Sosiallaşmanın insanın təbiətindən qaynaqlanan və bu səbəblə də məcbur olduğu bir fəaliyyət olduğundan keçən yazımızda bəhs etmişdik. Sosiallaşma ümumi bir xüsusiyyətdir və bunun yolu da demək olar ki, bütün toplumlarda/cəmiyyətlərdə eynidir. Lakin ənənə və ənənənin formalaşması hər topluma/cəmiyyətə görə fərqlilik göstərməkdədir. Ənənə, bir sosiallaşma nəticəsində ortaya çıxan bir həyat/yaşayış tərzinin, dünya və kainat tələqqisinin, formalaşdırılan kültür mexanizmasının qorunaraq gələcək nəsillərə ötürülməsi və gələcəkdə də eyniylə varlığını davam etdirməsidir.
Ənənə formalaşdırmaq insanı davamlı olaraq dünyanı və kainatı yenidən tanıma, tərif etmə, əşyalara/şeylərə ad vermə zəhmətindən xilas edir və hər yeni gün yeni bir həyat/yaşayış tərzi mənimsəmək və sıfırdan yeni bir kültür yaratma məcburiyyətində qalmaqdan qurtarır. Çünki bu, insan üçün sözün həqiqi mənasında bir zülm olardı və əlavə olaraq insan təbiəti buna meyilli deyildir. İnsan, əksəriyyətlə/çox zaman sabitlik, nizam istəyər, xaosa, qarma-qarışıqlığa, “yeniliyə” məcbur qalmadığı müddətcə qabı aralamaz.

Avropada modernləşmə prosesi başlamazdan əvvəl demək olar ki, bütün cəmiyyətlərdə ənənə (hansı ki, bu günlərdə hardasa təhqir mənasında istifadə olunan “mentalitet” deyilən şey) və din əsas bilgi və iqtidar qaynağı idi. Toplumlarda əsas güc və məşruiyyətin qaynağı, yəni, ənənələşmənin və bu ənənənin davamlılığının təminatcısı din idi. Modernləşmədən sonra bunun yerini elm aldı və artıq insanlar ənənəni xor görməyə, aşağılamaya/təhqir etməyə və də yeni dünyada yerinin olmadığını iddia etməyə başladılar. Ənənə, yeni dünya sistemində öz əvvəliki mövqeyini itirməyə başladı. Artıq 21-ci əsrdə insanlar ənənədən danışdıqlarında, həyat/yaşayış tərzlərində ənənəyə istiqamətverci bir güc olaraq rol verdiklərində onları geriqalmış, əsrə ayaq uydura bilməyənlər, cahil olaraq “damğalayacaq” çox sayıda insan vardır.
Onlar mentalitet deyərək lağa qoyduqları şeyin fərdində deyillər. Çünki, özləri də yeni bir ənənə formalaşdırmışlardır. Yəni, mentalitet. İnsan, hər nə olursa olsun, dünya sistemi neçə dəfə dəyişirsə dəyişsin, toplumlar necə yaşayırsa yaşasın, hansı əsrdə olurlarsa olsunlar, nəyi həyat/yaşayış tərzlərinin istiqamətverici gücü olaraq görürlərsə görüsünlər, bilgilərini hansı qaynaqdan alırlarsa alsınlar, iqtidar mexanizmaları nə olursa olsun, təhlükəsizliyə ya da hürriyyətə əhəmiyyət vermələrindən, sakitçilik ya da xaos istəmələrindən asılı olmayaraq ənənə formalaşdırmağa məcburdurlar. Çünki bu, insan təbiətidir.
Ənənə bilgi yumağı/dağarcığıdır. Yeni gələn nəsillər dünya və kainat haqqında lazım ola biləcək hər cür bilgiyə ənənə vasitəsi ilə çata bilirlər. Modernləşmədən sonra ənənənin top atəşinə tutularaq yerinə elmin keçməsi əslində gündəlik həyatın/yaşayış tərzinin vasitələri xaricində bu həyatın işləyiş formasını dəyişməmişdir. Əvvəl bilginin/gücün/iqtidarın və də ənənənin qaynağı din/mif olduğu halda indi onların yerini pozitiv elm almışdır. Yer dəyişikliyi xaricində makro səviyyədə dəyişikliklər baş verməmişdir. Toplumlar ilk dövlərdə necə işləyirdisə indi də eyni şəkildə işləyirlər. Bunu təmin edən də məhz ənənədir. Çünki, hansı vasitə/alət/üsul olursa olsun ediləcək şey eynidir. Yəni, insanlar davamlı olaraq ənənə formalaşdırmaq məcburiyyətində qalırlar, bu ənənənin qaynağı və fəaliyyəti üçün lazım olan vasitələr dövrdən-dövrə fərqlilik göstərsə də.

Ənənənin formalaşmasında ən əhəmiyyətli rol bilgiyə aiddir. Çünki, bilgini kim formalaşdırırsa, ortaya çıxarırsa, adlandırmanı kim edirsə güc onun əlində olacaqdır. Bilgi və iqtidar arasındaki əlaqə məhz bu baxımda çox əhəmiyyətlidir. Çünki, bilgini formalaşdıran iqtidarı/gücü əldə edir və iqtidarı əldə edən də bilgini formalaşdırır. Ənənənin formalaşması və gələcək nəsillərə ötürülərək davamlılığının təmin olunması da elə iqtidarla arasındakı əlaqə ilə paraleldir. İqtidar bilgini, bilgi iqtidarı və bu ikisinin bərabarliyi də ənəni formaşadırır.
İnsanlıq tarixinin ilk mərhələlərində qəbilə rəislərinin/şeflərinin/başçılarının ənənənin və ənənənin əsas normalarının formalaşmasında hakim bir rol oynadıqlarını təxmin etmək olar. Çünki, qəbilə başçıları gücü və də insanların ehtiyac duyduqları bilgini əlində tuturdu. İnsanüstü varlıqlardan bilgi aldığına inanınlan qəbilə başçısı insanların həyatına yön verir və onların problemlərinə çarələr tapır, xəstəliklərinə dəva edirdi. Onun bilgisi sayəsində insanların özlərinə istiqamət təyin edə bilir və həyatlarını davam etdirə bilirdirlər. Qəbilə başçısı da, qəbilənin digər üzvləri də bunun fərqində idilər. Onlar, yəni, qəbilə üzvləri bir başçı olmadan nə problemlərinə çarə tapa bilər, nə təhlükələrdən özlərini qoruya bilər nə də ki, həyatlarının davamlılığını təmin edə bilərdilər. Məhz bu qarşılıqlı əlaqə ənənəni formaşaldırır və gələcək nəsillərə ötürürdü. Bilgi tək qaynaqda idi: rəis. Və rəis eyni zamanda təbiətüstü varlıqlarla əlaqə quran, rəiyyətini onlardan qoruyan və bəzən də məşruiyyətini onlar vasitəsi ilə təmin edən şəxs idi. Burada şəxs deyil, “rəislik”, “başçılıq”, “çobanlıq” qurumu əhəmiyyətlidir.

Ənənə deyildiyi zaman sadəcə bir millətin sahib olduğu, gündəlik həyatında davamlı olaraq riayət etdiyi adətlər və də rituallar düşünülməməlidir. Ənənələşmə, yəni, bir xüsusda və yaxud sahədə müəyyən bəzi ritualların təyin olunması, insanların həmin rituallara davamlı olaraq riayət etməsi, bu ritualların daha sonra gələcək nəsillərin də həyat/yaşayış tərzini formalaşdırsın deyə həmin ritualların canlı tutulması və müəyyən yazılı/şifahi vasitələrlə gələcək nəsillərə ötürülməsidir. Ənənələşmə, öz içərisində eyni zamanda bir çox xüsussiyyəti və davranış formalarını saxlamaqdadır. Həm sosiallaşma, həm ritualların formalaşması, həm müəyyən ritualların təyin olunması, həm bu ritualların yazılı və yaxud şifahi dildə möhkəmləndirilməsi və mənimsənən sosiallaşma formasının gələcək nəsillərə ötürülməsini ehtiva etməkdədir.
Ənənə, sadəcə gündəlik həyatın axarında və yaxud kəndçinin davranış modellərində ortaya çıxan və də sadəcə onlardan ibarət bir məsələ deyildir. Müxtəlif ixtisas sahələrində bu məsələ daha açıq və ətraflı bir şəkildə müşahidə edilə bilər. Çünki, hər hansısa bir sahə (istər elm, istər peşə, istər din, istərsə də başqa bir sahə olsun) öz fəaliyyət modelini formalaşdırdıqdan/araşdırma metodunu təyine etdikdən sonra onu qəlibləşdirmə və həmin sahədə yeni olanlara onu öyrətmə istəyi içərisində olacaqdır. Hər sahə özünə məxsus qayda və qanunlar, terminlər formalaşdırmaq və bunların sabitliyini/dəyişməzliyini qorumaq məcburiyyətindədir. Çünki bu, onun bir peşə, elm sahəsi olaraq davamlılığının təminatçısıdır. Bu xüsusa elm, təhsil, paradiqma, epsitemik camaat və məktəbləşmə mövzusundan bəhs edərkən yenidən toxunacağıq.
Bu da bilgi və iqtidar arasındakı əlaqənin sadəcə makro səviyyədə deyil eyni zamanda mezzo və mikro səviyyədə də var olduğunu göstərməkdədir. Makro səviyyədə dövlətlər və artıq dövlətlər qədər güclü olan böyük dünya şirkətləri, yuxarıda bəhs etdiyimiz ixtisaslaşma zamanı ortaya çıxan iqtidar və təbii ki, kiçik yaşayış qruplarındakı güc sahibləri bu iqtidarın ehtiva etdiklərindəndir. Bu üç səviyyədə də güc/iqtidar sahibləri bilgini ortaya çıxarmaqda, onu formalaşdırmaqda və əlində olan bütün vasitələrlə həmin bilgini həm yaymaqda, həm doğruluğuna insanları inandırmaqda, həm də davamlılığını təmin etməkdədir. Bu şəkildə bir güc mərkəzi tərəfindən ortaya çıxarılan bilgi eyni zamanda həmin güc mərkəzi tərəfindən də tədavüldə dolaşdırılmaqdadır.

James C. Scott “Domination and the Arts of Resistance Hidden Transcripts” adlı əsərinə bir Efipoya atalar sözü ilə başlayır. Biz də həmin atalar sözü ilə yazımızı bitiririk: “Ağıllı kəndçi, sahibinin qarşısında yerə qədər əyilir; ancaq səssizcə osurur.” Bu atalar sözü insan təbiətinin heç bir zaman tam olaraq təhəkküm altına alına bilməyəcəyini, insanın davamlı olaraq bütün dominantlıqlara qarşı müqavimət halında olduğunu bildirir. Yəni, bilgini hər zaman iqtidar sahibləri formalaşdırıb tədavülə buraxsalar da bu bilgini istifadə edənlər öz qavrayışlarrına görə həmin bilgini alacaq və istifadə edəcəkdir. İnsan zehninin də təhəkküm və nəzarət altında tutulması sadəcə distopiyalarda mümkündür.

Advertisements