İlk yazımızda başlamağın əhəmiyyətindən və ələlxüsus da çətinliyindən danışmışdıq. Hər yazı yazmaq üçün oturduğumda masaya bu çətinliyi hiss edirəm. Elə düşünürəm ki, bu çətinlik hissi heç bir zaman məni tərk etməyəcək. Sözləri seçməkdə, cümlələrin doğru qurulmasında, düşüncənin doğru bir şəkildə (nə qədər mümkündürsə) nəqlində, yazının/düşüncənin sistemli və axıcı olmasında və yaxud sərhədlərinin çəkilməsində bu çətinlik hər dəfə özünü bariz bir şəkildə göstərməkdədir. Yazı yazmaqda ən böyük çətinliyi isə buyurucu, didaktik, vəz üslubuna qapılmamaq üçün çəkirəm. Xüsusilə də dilimizdə sosiolojik dilin formalaşmamış olması mövzuların təhlilinin yazılmasını daha da çətinləşdirir.

      İnsanın necə bir varlıq olduğu bizə məlum olan ilk yazılı mənbələrdən etibarən müzakirə olunan bir mövzudur. Bəziləri insanı danışan bir varlıq, bəziləri şüur sahibi, bəziləri ticarət edən, bəziləri mənfəət düşkünü, bəzilər mədəni, bəziləri də sosial bir varlıq olaraq dəyərləndirmişdir. Təbii ki, burada insanı təsvir edən xüsusiyyətlər bir-birlərindən ayrı olaraq düşünülməməlidir. Keçən yazımızda bu xüsusda belə qeyd etmişdik: “insan özü ilə bağlı bütün tərifləri səhv çıxara biləcək bir varlıqdır. Bu tərifi də həmçinin.”

     Lakin bəşər tarixinin bizə məlum olan dövrü boyunca hakim olan rəy insanın sosial bir varlıq olduğudur. Sosial varlıq olmasından dolayı cəmiyyət qurma və bu şəkildə yaşamalı olan insandan artıq formalaşdırdığı cəmiyyətin bir üzvü kimi, yəni, fərd olaraq bəhs edəcəyik. İnsan ümumi bir varlığın adıdır. Fərd isə toplumu quran/formalaşdıran və davamlılığını təmin edən, cəmiyyət içində özünə xas dəyəri və hərəkət sahəsi olan insandır. Hansı ki, həmin hərəkət sahəsi müdaxiləyə açıq deyildir.

Mövzumuz insan varlığı ilə bağlı deyildir. Çünki, bu xüsus filosofların fəaliyyət sahəsinə daxildir. Biz isə burada insan fəaliyyətlərinin mənşəyindən, bu fəaliyyətlərin ictimailəşməsindən, insan təcrübəsinin institutlaşmasından, yəni, kültürün (culture`nin qarşılığı olaraq dilimizdə mədəniyyət qavramı işlədilsə də biz, mənanın buxarlaşmaması üçün “kültür” olaraq verməyi uyğun gördük) formalaşmasından və nəsillər arasında kültürün ötürülməsində dilin rolundan bəhs edəcəyik.

640_communities.jpg.jpeg

İnsan davranış/hərəkət və fəaliyyətlərinin mənşəyi də ta Qədim Yunan düşüncəsindən etibarən müzakirə edilən bir xüsusdur. Bu, sonrakı dövrlərdə, yəni, Maarifçilik Dövrü aydınları və onları izləyən nəsillər tərəfindən də ciddi müzakirə olunan bir mövzudur. Bu müzakirənin iki tərəfi var – birinci tərəf insanın yaradılışından əvvəl bəzi zehni kateqoriyalara sahib olduğunu, ikinci tərəf isə insanın təcrübə vasitəsiylə bu zehni kateqoriyaları əldə etdiyini iddia edirlər. Birinci tərəfin iddiasına görə insan doğuşdan əvvəl sahib olduğu bu zehni kateqoriyaları ictimailəşmə prosesi dövründə təcrübə edir və bu təcrübələr bir müddət sonra rituallaşır. Bizi maraqlandıran xüsus da məhz elə bu ictimailəşmə, rituallaşma və formalaşan kültürün nəsildən nəsilə ötürülməsidir. Təbii ki bir də, bu proseslər arasındakı keçiş dövrləri. Bu mövzular müxtəlif ixtisas sahiblərinin (filosofların, iqtisadçıların, tarixçilərin, antropoloqların, etnoqrafların və sair), ədəbi mütəxəssislərin (ədəbiyyatçılar, rəssamlar, müsiqiçilər və sair) əsərlərinin əsasını təşkil etmişdir. Bəziləri həyatlarını məhz bu xüsusları açığa çıxarmaq üçün çalışmışdılar. Biz də onlarla eyni xüsuslar üzərinə çalşırıq və bizim də məqsədimiz dediyimiz kimi bizi əhatə edən yüksək və görünməyən divarları açığa çıxarmaqdır. Digərlərindən fərqimiz isə Sosiolojik Təxəyyüldür. (Bu qavram C. Wright Mills`dən alınmışdır. Millsin “The Sociological İmagination” (Sosiolojik Təxəyyül) əsəri məhz sosiolojik təxəyyül gücünün əldə olunmasından, sosiologiyanın necə bir elm olmasından, sosiolojik metodun necəliyindən və sair bəhs edir. )

Sosiologiya ictimai məslələri məhz ictimai olanla izah edən bir elmdir. Buna görə də fərd və kültür arasındakı münasibətə də fəlsəfi, dini və yaxud da iqtisadi deyil də sosiolojik açıqlamalar gətirəcəyik. Təbii ki, sosiologiya digər elmlərdən, dindən açıqlamalarında, analizlərində, təhlillərində faydalanır və onların təqdim etdiyi məlumlatlarından istifadə edir.

Mövzumuz fərd və kültür arasında necə bir münasibətin olduğudur. Burada ilk dövrlərdən bəhs etmə, bu münasibətin mənşəyini təfsilatlı bir şəkildə araşdırma imkanımız olmadığından tərəflər arasındakı münasibətə sadə izahat gətirməyə çalışacağıq. Biz də, insanın doğuşdan əvvəl bəzi zehni kateqoriyalara sahib olduğu fikri üzərinə düşüncəmizi bina edəcəyik. Belə ki, insanın doğuşdan əvvəl sahib olduğu zehni kateqoriyalar doğuşdan etibarən yəni, bir toplumun üzvü olduqdan sonra insanlarla münasibətlər nəticəsində, yəni, təcrübə ilə hərəkətlərə, dilə, kültürə çevrilir. İlk dövrdə, yəni, ilk insanların yaşadığı zamanda onlar arasındakı münasibətin necə olduğunu bəsit bir nümunə ilə göstərmək olar. Məhəllə futbolunu diqqətə alarsaq görərik ki, burada rəsmi heç bir qayda olmayıb əvvəlcədən. Uşaqlar oynaya-oynaya futbolun qaydalarını özləri üçün təyin edirlər. Bu qaydalardan bəziləri belədir: (1) Penalti zamanı qapıçı dəyişərsə iki penalti zərbəsi vurulur, (2) Top sahibi küsdüyü zaman oyun bitir, (3) Qapıçı eyni zamanda oyunçu da ola bilir. Bu qaydaları təbii ki, artırmaq mümkündür. Burada güc və iqtidar xüsusu da təyinedici rol oynasa da mövzumuzun bu qismində bundan bəhs etməyəcəyik. Burada bizi əsas maraqlandıran xüsus məhəllə futbolunda heç bir xarici basqı və qüvvə olmadan uşaqların öz qaydalarını özlərinin təyin etmələridir. Təxmin etmək olar ki, ilk dövrdə insanlar arası münasibətlər də bu şəkildə olmuş və kültür beləcə formalaşmağa başlamışdır.

Bu insanın zehni kateqoriyalarının təcrübə ilə sabitlənməsi və rituallaşaraq kültürü formaşaldırmasıdır. İnsan zehninin bu təcrübəsini sosioloq Peter L. Berger və Thomas Luckmann “externalization” olaraq terminləşdirmişlərdir. Bu təcrübənin davamlı olaraq yenidən istifadə olunması, rituallaşması, yəni, institutlaşması kültürün formalaşmasının ilkin mərhələsidir. Bu ilkin mərhələdə formalaşan rituallar obyektiv olaraq qəbul olunur. Bu da ilk nəsil və onları görən sonrakı yəni ikinci nəslin yaşadığı dövr üçün keçərlidir. Bu xüsus Peter Berger və Luckmann tərəfindən “Objectification” olaraq terminləşdirilmişdir. Kültür bu şəkildə formalaşdıqdan sonra varlığını elə məhz bu institut yəni, rituallar sayəsində təmin edir və davamlılığını bu şəkildə qoruyur. Bu ilkin mərhələdən sonra gələn nəsillər hazır kültürün içində doğulduqlarından insanların ilk dövrdə yaşadıqları təcrübələri yenidən yaşama şansları olmur. Çünki, artıq onlar hazır həll yolları ilə qarşılanırlar və problemlərdən çıxış yolları, şad və bəd zamanlardakı reaksiyalar, böyük və kiçiklə münasibətin meyarları, danışıq formaları ilkin təcrübələr nəticəsində təyin olunmuşdur. Yeni gələn nəsillər bu qaydaları mənimsəməklə həyatlarına başlayı və bu şəkildə var olurlar. Berger və Luckmann bu xüsusu “İnternalization” olaraq adlandımışdılar.
(Buradakı qavramlar Peter L. Berger və Thomas Luckmanndan alınmışdır. Sosioloqlar bu mövzunu geniş olaraq birlikdə yazdıqları “The Social Construction Of Reality” (Gerçəkliyin Sosial İnşası) əsərində araşdırmışlar və Peter L. Berger bu xüsusa ayrıca özünün “The Secred Canopy: Elements Of A Sociological Theory Of Religion” (Müqəddəs Talvar: Dinin Sosiolojik Nəzəriyyəsinin Ünsürləri) əsərində toxunnuşdur.)

Bu insan və kültür arasındakı münasibəti açıqlayan görüşlərdən sadəcə biridir. Bu açıqlama heç də artıq insanları, tamamilə kültürün, mentalitetin, ətraf mühitin formalaşdırdığı mənasını verməməkdədir. Buradakı insanın hər zaman kültürü qəbul etmədə və yenidən formaşaldırmadakı təyinedici rolu bizim açıqlamaya çalışdığımız yüksək, qalın və görünməyən divarların kölgəsində, hətta, yıxıntıları altında qalmışdır. Bizim məqsədimiz, insanın kültürlə olan münasibətindəki təyinedici rolunu ortaya çıxarmaq ən azından vurğulamaqdır. Bunun üçün də ilk olaraq bu rolun üstünü örtən Çin Səddini, Berlin Divarını, Mərdəkan Qalalarını gözlər önünə sərmək lazımdır. Lakin, bunun yolu kültürü, müntaliteti rədd etmək deyildir. Açıqcası bu mümkün də deyildir. Çünki, insan bir kültürü rədd etdiyi zaman eyni zamanda başqa kültürün/mentalitetin içində olduğunun fərqində deyildir. İnsan artıq və heç bir zaman kültürüsüz yaşaya bilməyəcəyi üçün biz ona içində yaşadığı kültürün fərqində olmasını göstərməyə çalışacağıq.

Kültürün formalaşmasında ən böyük pay sahiblərindən biri dil olduğu kimi, eyni zamanda kültürün nəsildən nəsilə ötürülməsində, mirasın gələcək nəsillərə çatdırılmasında da ən böyük rol məhz dilin üzərinə düşür. İnsanlar arasında ünsiyyət vasitəsi olaraq qəbul olunan dil eyni zamanda, nəsillər, əsrlər və hətta kültürlər arasında əlaqə vasitəsidir. Dilin funksiyası sadəcə gündəlik danışığımızla məhdudlaşdırılamayacaq qədər çoxdur. İnsan doğulduğunda kültür mirasını anasında və atasından, ətraf mühitindən həmin kültürün danışdığı dil (daha da xüsusiləşdirərsək bölgənin ləhcəsi: kəlmələrə verilən mənalarda bölgədən-bölgəyə dəyişiklik ola bilir) vasitəsiylə alır. Doğulduğu andan etibarən öyrənməyə başladığı dil ilə valideynlərinin, yəni. kültürünün demək olar ki, bütün xüsusiyyətlərini qazanır, dünya və başqa şeylərlə bağlı kültürün anlayışını mənimsəməyə başlayır.

Dilin şifahi və yazılı olmaq üzərə iki qismə ayrıldığı məlumdur. Lakin, bizim üçün bunlar arasında kültürün gələcək nəsillərə ötürülməsindəki rolu baxımından heç bir fərq yoxdur. Çünki, hər ikisi də eyni funksiyanı yerinə yetirməkdədir. Yazının kəşfindən uzun müddət keçmiş olmasına baxmayaraq şifahi dil hələ də varlığını və bəzi hallarda da nüfuzunu qorumaqdadır. Kültürün bütün ünsürləri heç də yazılı dil vasitəsiylə varlığını təmin etmir. İnsanlar arasındakı gündəlik ünsiyyətlər, məişət danışığı və burada istifadə olunan söz dağarcığı (mənaları ilə birlikdə) şifahi bir şəkildə paylaşılır.

lauguage.jpgDil kültür kimi, kültürün digər ünsürləri kimi sosial bir fenomendir. Kültürün formalaşma prosesindən bəhs etmişdik və eynini dil üçün də keçərlidir. Kültür və dili bir-birlərindən ayrı olaraq düşünmək və dəyərləndirmək demək olar ki, mükünsüzdür. Simvollar, şəkillər, mimikalara, sevinc və kədər reaksiyaları kimi şeylər də dil olaraq dəyərləndirilə bilər. Dil, zehin, hafizə, kültür və toplum arasında qarşılıqlı əlaqələr vardır və bu qarşılıqlı əlaqələr sxeması, yəni, bütünüylə insan həyatın sosial tərəfləri bizim mövzumuz daxilindədir. Gələcək yazılarımızda dil və kültür arasındakı əlaqəyə yenidən yer verəcəyik.

Bu mövzu böyük tədqiqatlara layiq bir mövzudur. Çünki, bu qədər geniş və də təfsilatlı araşdırma tələb edən bir mövzunun kiçik bir yazıda ətraflı bir şəkildə alınması mümkün olmadığı xüsusunda bizi qınamazsınız hərhalda. 🙂 Xoş günlər. Diqqətiniz bizdə olsun

Advertisements